NAMAZIN MAHİYƏTİ, MƏNASI VƏ DUA 

 

Namaz, əslində bir duadır, ancaq digər ibadətlərin xülasəsini ehtiva edən bir dua. Bundan əlavə, edilən duaların müəyyən qismi də namazla əlaqədardır. Namaza başlayarkən müəyyən dualar oxuduğumuz kimi, namazın müxtəlif rüknlərində və  salam verib namazı bitirdikdən sonra da bəzi dualar oxuyuruq. Ancaq namazın mahiyyəti Haqq-Təalanı təsbeh etmək – "Subhanallah" demək, Ona şükür etmək – "Əlhamdulillah" demək və təkbir, təzim etmək – "Allahu Əkbər" deməkdir.

Bəli, təsbih, həmd və təkbir namazın nüvəsidir. Bu səbəblədir ki, namazın bütün hərəkət və zikrlərində "Subhanallah", "Əlham­dulillah" və "Allahu Əkbər" sözlərinin mənaları gizlidir. Bir İslam alminin də ifadə etdiyi kimi, "iftitah təkbirindən (namaza başlayarkən "Allahu Əkbər" demək) salam verdiyimiz ana (yəni namazın başlanğıcından sonunadək) qədər, demək olar ki, hər an sözlərimiz, halımız və hərəkətlərimizlə ya "Subhanallah" deyib Allahu-Təalanı təqdis edir (yəni bütün mükəmməl sifətlərə sahib və bütün nöqsan və qüsurlardan uzaq olduğunu ifadə edir), ya "Əlhamdulillah" sözü ilə həmdü-səna (şükür və mədh edir) hislərimizi səsləndirir, ya da "Allahu Əkbər" deyərək Ona təzim (Onun ən böyük olduğunu qəbul və ifadə) edirik. Namazın başlanğıc təkbiri – ibadətə onunla başlandığı üçün – "iftitah təkbiri", namazda bəzi hallar bu təkbirin deyildiyi andan qadağan olduğu üçün "təhrim təkbiri" və ya "ihram təkbiri" də adlanır. Əslində bu təkbir Allahdan qeyri hər şeyi haram bilərək "harəm" dairəsinə ad­dım atmağa, dünyəvi nə varsa, qapının ardında qoyub yalnız Kai­natın Sultanına yönəlməyə söz vermək,  o andan etibarən namazın bütün dəqiqə və saniyəsinə təsbeh (Subhanallah), təhmid (Əlhamdulillah) və təkbir (Allahu əkbər) ruhunu işləmək, bir mənada namaza çevrilmək, namazla bütünləşmək deməkdir.

Namazı layiqincə qılmaq istəyiriksə, təkbirlə birlikdə Allahdan­ qeyri hər şeydən uzaqlaşmalı və könlümüzü yalnız Ona açmalıyıq. Dilimizdən çıxan hər sözə şüurumuzun möhrünü vurmalıyıq. Məsələn, "Əlhamdulillah" deyərkən bu sözün nə məna ifadə etdiyini yaxşı bilməli, onu dərindən düşünməliyik. "Bütün həmdü-sənalar, bütün şükürlər Allaha aiddir, bu həqiqəti elan etmək mənim vəzifəm, kainatı yaradan Allahın da haqqıdır," – deyə hayqırmalıyıq. Beləcə, "əlhamdulillah" kəlməsi Allah-Təalaya, Onun dərgahına dərin mənalarla, məzmunla yüksəlməlidir. Onun Rəhman və Rəhim olduğunu elan edərkən yenə eyni əngin duyğularla dolub-daşmalıyıq. Namaz bizim üçün də bir merac olmalı və Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) Meracda gördüyü həqiqətləri öz idrak üfüqümüzdən hiss etməyə çalışmalıyıq. Salam verər-verməz Allahın hüzuruna layiq ədəbə əməl edə bilməmək narahatlığı ilə yenidən əllərimizi qaldırmalı, yenə o mübarək kəlmələri otuz üç dəfə təkrarlamalıyıq.

Namaz məhz belə əngin duyğu və düşüncələrlə qılınmalı, başdansovdu yerinə yetirilməməlidir. Ona görə də biz bu araşdırma ilə namazda oxunan dua və surələrin mənalarını və qısa şərhini verməyə çalışdıq ki, namazı hiss edə-edə və anlaya-anlaya qılaq. Namazı belə qılmaq üçün öz dilimizdə ibadət etməyə lüzum yoxdur və bu, doğru da deyildir.  Bu yazılanları diqqətlə oxumaq və yadda saxlamaq namazı anlayaraq qılmaq üçün zəruridir. Ancaq bu, namazı anlayaraq qılmaq üçün kifayət etmir. Bunun üçün digər yerinə yetirilməli xüsusları kitabın sonunda xüsusi başlıq altında nəzərdən keçirəcəyik.

Tarix :20 sentyabr 2011

Ölüm çox yaxındadır 

Hicab

Hicab Islamda olan hər bir müsəlman qadın öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir) Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və mö'minlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir. Örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsinə imkan vermir. Qadınların namus və izzətlərinin qorunmasını təmin edir. Eyni zamanda onlara əziyyət edilməsinə də mane olur. Qadın və kişilər Allah təalanın dinindən, Rəsulullahın (s.ə.s) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-ne'mətini, axirətin əbədi həyatından üstün tuturlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mö'min qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var. «Dünya keçici ne'mətlərlə doludur. Ən gözəl ne'məti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur».Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxır. Bu cür qadınlarla da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşirlər. Ondan törənən uşaqlar da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edib cəmiyyətimizi murdarlayırlar. Cəmiyyətimiz də bax beləcə pozulur. Unutmayın «Qadın incidir. İnci sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür». Alah millətimizə elm və hidayət nəsib etsin ki, məmləkətimizin bəzi qadınları çılpaqlaşıb həm özlərini, həm də digər imandan zəifləri arxalarıca Cəhənnəmə apara bilməsinlar.
 

Hicab – mənim mənliyimdir.

Hicab – mənim kimliyimdir.

Hicab – mənim məxsusiliyimdir.

Hicab – mənim itaətimdir məni yaradanın əmrlərinə.

Hicab – mənim təslimiyyətimdir.

Hicab – mənim imanımın işarəsidir.

Hicab – mənim dinimdir.

Hicab – mənim əqidəmin zərurətidir.

Hicab – mənim “mən” olmağımdır.

Hicab – mənim var olmağımdır, eyni zamanda yox olmağımdır – Onun sözü

qarşısında nəfsimin yoxluğudur.

Hicab – mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır.

Hicab – mənim “kəlməyi-şəhadət”imdir.

Hicab – mənim şəxsiyyətimdir.

Hicab – mənim ixtiyarımdır.

Hicab – mənim qadınlıq qürurumdur.

Hicab – mənim üçün iffət simvoludur.

Hicab – mənim zəfərim, qalibiyyətimdir, zamanın yalnış tələblərinə.

Hicab – mənim zamanın axarında qərq olanlara “Dayan!” nidamdır.

Hicab – mənim cihadımdır.

Hicab – mənim asanlığım deyil, çətinliyimdir- axı çətinliklə qazanılan

daha dəyərlidir.

Hicab – mənim ağır yüklü dəyərimdir.

Hicab – mənim əxlaqi-zərurətdən doğan məhdudiyyətimdir.

Hicab – mənim azadlığımdır – “azadlıq” şüarı altında neçə minlərlə oyunların aləti olmağın müqabilində.

Hicab – mənim xatırlamam və həm də xatırlatmamdır yaradılana Yaradanı.

Hicab – mənim örpəyimdir.

Hicab – mənim təmizliyimdir yad baxışların çirkinliyindən.

Hicab – mənim naməhrəmlər qarşısında cismani pərdəmdir. Amma Allahla mənim aramdakı pərdələri götürən məhrəmliyimdir.

Hicab – məni Onunla məhrəm edən muxtariyyətimdir. 

Pərvin Nəsirova

 

Али кимдир?

 

Тарихчиләрин јаздыгларына ҝөрә һәзрәт Әли (ә) отузунҹу Фил илиндә, рәҹәб ајынын он үчү, ҹүмә ҝүнү Кә’бәнин дахилиндә ҝөрүнмәмиш бир шәкилдә дүнјаја ҝөз ачмышдыр. Тәһгигатчы алим һөҹҹәтүл-Ислам Нәјјир дејир:

 
Еј Кә’бә евиндә ҝөз ачан инсан,
Ҝөвһәрсән, ҹисминин сәдәфи Мәккә.
Кә’бәдә мөвлудун һејрәт доғурду,
Һаггын еви салды үстүнә көлҝә.
 
Һәзрәтин атасы Әбу-Талиб ибн Әбдүл-Мүттәллиб ибн Һашим ибн Әбдүл-Мәнаф, анасы Фатимә бинти Әсәд ибн Һашим олмушдур. Ҝөрүндүјү кими, һәзрәт Әли (ә) һәм ата, һәм дә ана тәрәфдән Һашими сојундандыр. Әбу-Талибин һәзрәт Әлидән (ә) башга даһа үч оғлу олмушдур: Талиб, Әгил вә Ҹә’фәр.
Амма һәзрәт Әлинин мөвлуду, дүнјаја ҝәлиши о бири гардашларынын дүнјаја ҝәлишиндән фәргли олмушдур. Бу доғуш мараглы вә мә’нәви дәјишикликләрлә мүшајиәт олунмушдур. Һәзрәтин анасы аллаһпәрәст олмуш вә Ибраһимин Һәниф дининдә һәјат сүрмүшдүр. Бу гадын даим Аллаһ дәрҝаһына мүнаҹат етмиш вә гаршыдакы доғушун асан кечмәси үчүн Аллаһа јалвармышдыр. Фатимә бу ушаға һамилә олдуғу вахт өзүнү илаһи нура гәрг олмуш вәзијјәтдә һисс етмиш, санки бу көрпәнин башга өвладлардан фәргләндији барәдә фәләкләрдән илһам алмышдыр.
Шејх Сәдуг вә Гәттал Нишапури нәгл етмишләр ки, Језид ибн Гә’нәб демишдир: «Мән Аббас ибн Әбдүл-Мүттәллиб вә Әбдүл-Үзза тајфасындан бир групла Аллаһ евинин кәнарында әјләшмишдим. Әмирәл-мө’мининин анасы Фатимә бинти Әсәд доггуз ајлыг көрпәјә һамилә вәзијјәтдә доғуш ағрысы чәкә-чәкә дејирди: «Пәрвәрдиҝара, мән сәнә, пејғәмбәрләриндән ҝәләнә, Сәнин тәрәфиндән назил олмуш китаблара иман ҝәтирмишәм. Ҹәддим Ибраһим-Хәлилин сөзләрини тәсдиг едирәм. Бу гәдим евин бүнөврәсини гојан о олмушдур. Сәни анд верирәм бу еви тикәнин вә бәтнимдә оланын һаггына, бу доғушу мәним үчүн асан ет». Језид ибн Гә’нәб дејир: «Биз өз ҝөзүмүзлә Кә’бә евинин архадан јарылдығыны вә Фатимәнин Кә’бәјә дахил олдуғуну ҝөрдүк. Фатимә ҝөздән итдикдән сонра дивар јенидән бирләшди. Кә’бәнин гапысыны ачмаг истәсәк дә мүмкүн олмады. Баша дүшдүк ки, бу Аллаһын ишидир. Дөрд ҝүн сонра Фатимә гуҹағында Әмирәл-мө’минин (ә) бајыра чыхды вә деди: «Мән кечмишдәки бүтүн гадынлардан үстүнәм. Чүнки Асија Аллаһа елә бир јердә ҝизлин пәрәстиш едирди ки, һәмин јердә јалныз чарәсизликдән пәрәстиш едилмәси мүмкүн иди. Имран гызы Мәрјәми бејтүл-мүгәддәсдә доғуш санҹысы тутдугда она нида едилир ки, бајыра чыхсын, ибадәтҝаһда доғуш олмаз. Мән исә Аллаһын евинә дахил олдум, беһишт мејвәләриндән једим, бајыра чыхмаг истәдикдә нида ҝәлди ки, еј Фатимә, онун адыны «Әли» гој. Нида ҝәлди ки, Әлијјул-ә’ла Аллаһ бујурур: «Мән она өз адымдан ҝөтүрдүјүм ад гојдум, ону өз әдәбимлә тәрбијә етдим, она ҝизли елмләримдән аҝаһлыг вердим; одур мәним евимдә бүтләри сындыран, одур евимин дамында азан дејән, мәни пак билән; хош о кәсин һалына ки, ону дост тутар, она итаәт едәр; вај о кәсин һалына ки, ону дүшмән тутар вә она мүхалиф олар».

Һәзрәт Әлинин (ә) дүнјаја Кә’бәдә ҝөз ачмагла газандығы ифтихар нә кечмишдә кимсәјә нәсиб олуб, нә дә ҝәләҹәкдә нәсиб оласыдыр. Һәзрәтин дүнјаја Кә’бәдә ҝөз ачмасы сүннә әһлинин дә е’тираф етдији бир һәгигәтдир. Неҹә ки, ибн Сәббағ Малики, «Фүсулул-Мүһиммә» китабында дејир: «Һәзрәт Әлидән (ә) габаг кимсә Кә’бә евиндә дүнјаја ҝөз ачмамышды. Бу фәзиләти Аллаһ-тәала јалныз Әлијә (ә) аид етмиш вә бунунла да халга онун уҹа мәгамыны ҝөстәрмишдир.»

 

Бесплатный конструктор сайтов - uCoz